
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mərkəz haqqında ətraflı məlumat verib. O bildirib ki, burada əlilliyi olan şəxslərin, şəhid ailələrinin üzvlərinin və digər həssas qrupların bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif istiqamətlərdə təlim və məşğələlər təşkil olunur. Eyni zamanda, benefisiarlar sosial-psixoloji dəstəyə yönəlik reabilitasiya xidmətlərinə də cəlb olunurlar.


Leyla Əliyeva ilə Arzu Əliyeva Mərkəzdə təlimçilərin və benefisiarların dulusçuluq, xalçaçılıq, təsviri incəsənət sahələrində gördükləri iş prosesi ilə yaxından tanış olublar. Daha sonra müəssisənin əlilliyi olan təlimçisi tərəfindən 5 May - “Xalçaçı Günü” münasibətilə hazırlanmış, İrəvan xalçası və Qarabağ Çələbi xalçası naxışları ilə işlənmiş kompozisiya nümayiş olunub.

Proqram çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin ifalarını, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçilərinin və benefisiarlarının təqdim etdikləri inklüziv konsert proqramını izləyiblər.

Tədbirin sonunda IDEA könüllülərinin də iştirakı ilə Mərkəzin həyətyanı sahəsində ağacəkmə tədbiri keçirilib.





